ƏFƏNDIM

Düşmən də çəkməsin mən çəkənləri,
Mən çəkən zülümdən olmaz, əfəndim.
Adamlar bir yana, bu məmləkətdə
Quş da salamımı almaz, əfəndim.

Həmdəmim odlardı, sirdaşım sular
Könlümü qəriblik bular, ha bular.
Qeybdən nida gəldi:–Boşalan dolar!
«Quyu, su tökməklə dolmaz”!», əfəndim.

Boranlar adlayaq, xəzanlar keçək –
Ömür-gün yalandı, vaxt-vədə gerçək.
Mənim gözlərimlə sulanan çiçək,
Ömrü billahında solmaz, əfəndim.

Yeddinci qatında haqqım var deyə,
Sidqinən eşqimi bağladım Göyə.
Tutlar saza dönə, qarğılar neyə
Qoşub qəmlərimi çalmaz, əfəndim.

Tapdım çəmini də, tutdum dilə də,
Necə hökm elədi, getdim elə də.
DÜNYA söylədiyin qaldı belə də,
Bə deyirdin, «belə qalmaz, əfəndim».

GƏLDI

Bu günü də gördük, görməliydik də
Olmayan körpüdən keç vaxtı gəldi.
Yaylaq aran oldu, aran cəhənnəm
Arandan arana köç vaxtı gəldi.

Bəlləndi Göy ilən Yerin qərəzi,
Bağlandı bəşərin bəndi-bərəsi.
Çəkildi göylərə mizan-tərəzi,
«Durna, keçəlini seç» vaxtı gəldi.

Günə güllə kimi açılır səhər,
Hamı can sürüyür elə birtəhər.
Çeşmələr ağudu, irmaqlar zəhər–
Doldur piyaləni iç vaxtı gəldi.

Gizlənən üzüymüş yırtılan astar,
Zatı qırıqlara qul olub xaslar.
Yağı səngərinə satılıb dostlar–
Siyir qılıncını biç vaxtı gəldi.

İbrahim İlyaslı, nəydi gümanın?
Çəkilən vaxtı var gələn dumanın.
Axır ki, heç nəyin «hər şey» zamanı,
Axır ki, «hər şey»in heç vaxtı gəldi.