QARDAŞIM

Salam-Əleykim – Mərhaba,
Qəsdimə duran qardaşım.
Türksən, boyuna qurbanam,
Boynumu vuran qardaşım.

Para belə şirindimi,
Quyun belə dərindimi?!
Soyuqdumu, sərindimi
Allahnan aran, qardaşım?

Biçdiyini kimlər əkib,
Bilərmisən, bilmə təki.
Ürəyimə dağlar çəkib,
Halımı soran qardaşım.

Yoxmu könlüyün təpəri?–
Ömür nədi, anrı-bəri.
Qəlbində qonşu çəpəri,
Dilində TURAN qardaşım.

Haqdandı bu zülmü-zinhar,
Yoxdandı bu qəsdi-qərar.
Nə mənim bir əlacım var,
Nə sənin çaran, qardaşım.
YURDDAŞLARA

Anrı üzü günə qarşı dağların,
Bəri üzü hələ çəndi, dumandı.
Zaman gələr, üstümüzə gün doğar,
Bu gümanlar ürəyimə damandı.

Qürbət deyir ürəyimin parası,
Qan ağlayır qaysaqlamış yarası.
Azadlığın hürriyyətdir çarası,
Hürr olayım, hürr olmalı zamandı.

Ömür ki, var – ölümlərə hədəfdi,
Can torpağa, ruh göylərə sədəfdi.
Döyüşlərdə şəhid düşmək şərəfdi,
Kölə olmaq, kül olmaqdan yamandı.

Qorunmayan elin haqqı olmayıb,
Haqq deməyən dilin haqqı olmayıb.
Yelin haqqı – selin haqqı olmayıb,
Qarı dünya, qanlı fələk hamandı.

Vətən dedik: – sus dedilər, lal olduq,
Gedən dedik: – «qal oğlu ki, qal» olduq.
Yetər, bunca qorxulara qul olduq,
Qardaşlarım, soydaşlarım, amandı!