KIMDI MƏNI SƏSLƏYƏN

Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?–
Bir payı quru torpaq,
Üç payı su dünyada!

Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.

Qənşərində durduğum,
Aynadakı mənəmmi?
Ruhum mənə dardımı,
Mən ruhuma binəmmi?

Əvvəl-axır deyilən
Bir ölçü-biçi varmı?
Varsa bəs ölçüsüzlük
Nədi, bilmək olarmı?

Bu cismi-can varlıqdı,
Yoxluq divanəsiyəm.
La İlahə İlləllah!
Kimdi məni səsləyən?!

HƏRDƏN BIR DƏLI CIN DEYIR…

Hərdən bir dəli cin deyir:
«Gəl bax şeytanın sözünə.
Şəklini soyun əynindən,
Çıx da dünyanın üzünə».

Kor olanlar görsünlər ki,
Sənin dostun, yadın yoxdur.
Bir səfil dərviş misalsan,
Yoxdur özgə adın, yoxdur.

Cibindən çıxart səsini,
Mətləblərin car olsunlar.
Qanmayanlar və qananlar,
Olubdular, var olsunlar.

Qəlbini kabab eyləyib,
Payla bu ac adamlara.
Yeyib, səyriyib görsünlər,
Kabab hara–adam hara?!

Hərdən bir dəli cin deyir:
«Baxma şeytanın sözünə.
Şəklini geyin əyninə,
Qayıt olmayan özünə».