Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
GÖZƏL BAHAR
Gözəl bahar, nə şirindi vüsalın,
Buludların, şimşəklərin, tamaşa,
Üzə gülür, tay şəkərin, tay balın,
Gözəllərin, göyçəklərin tamaşa,
Zirvələrdə yallı gedir buludlar,
Yamaclarda qanad açır, qır atlar,
Meh əsdikcə sığallanır göy otlar,
Dağ, dərədə örpəklərin, tamaşa.
Yaraşıqdı təbiətlə ülfətin,
Tər-təmizdi ,müqəddəsdi, niyyətin,
Gül-çiçəkdi, məhəbbətdi, söhbətin,
Arzuların, istəklərin, tamaşa.
Gah təpədə, gah dərədə sürünən,
Duman, çəndi, zirələrdə görünən,
Gün doğanda şəfəqlərə bürünən,
Göz oxşayan köynəklərin, tamaşa.
Ulduzlardı, göy üzündə sayrışan,
Bərəkətdi el-obaya arı, şan,
Şeh üstündə səhər-səhər alışan,
Könül açan şəfəqlərin, tamaşa.
Əziz Musa xoş nəğmədi ucalan,
Unudulmur başımızda tac olan,
Bağ-bağçada qönçələnib açılan,
Ətir saçan çiçəklərin, tamaşa.