Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

SƏN GƏLMƏSƏN

Sənsiz gözüm gecə-gündüz ağlayır,
Ayrılığın bu sinəmi dağlayır,
Həsrət, hicran yollarımı bağlayır,
Selə dönər, göz yaşlarım, durulmaz,
Sən gəlməsən, göz yaşlarım, qurumaz.

Sən Günəşsən, sənsiz solan Ay, mənəm,
Həsrətindən coşub, daşan çay, mənəm,
Qismətinə düşən qismət, pay, mənəm,
Sənsiz güllməz vallah güllü bahar, yaz,
Sən gəlməsən, göz yaşlarım qurumaz.

Dərdin, qəmin yuva seçib sinəmi,
Ay cənnətin məleykəsi, sənəmi,
İnsafsızlıq elə qalıb sənəmi?
Gəl az eylə, gülüm mənə işvə, naz.
Sən gəlməsən, göz yaşlarım, qurumaz,

Mən dönmüşəm bir səməndər quşuna,
Dolanaram gecə-gündüz başına,
Vurulmuşam o gözünə, qaşına,
Yanar dilim yar deməkdən, yorulmaz,
Sən gəlməsən, göz yaşlarım, qurumaz.

Yaz qarı tək tez ərisin, bu həsrət,
Çiçək açsın bu sevgi, bu məhəbbər,
Üzə gülsün sevinc, şadlıq, səadət,
Sənsiz kimsə bu yaramı sarımaz,
Sən gəlməsən, göz yaşlarım, qurumaz.

Mən Məcnunam, mən Fərhadam, mən Kərəm
Hüzurunda dizi üstə çökərəm,
Ömrü boyu, hər qayğını çəkərəm
Əziz Musa, sənsiz bilməz xoş avaz,
Sən gəlməsən, göz yaşlarım, qurumaz.