Yaşaya bilmədi yaşatdıqlarım,
Yaşındı bəşərin yaş göynəyindən.
Köksümdən çıxarıb yaş atdıqlarım,
Yaşardı torpağın yaş köynəyində.
Qurunun oduna yanmadı yaş da,
Qəmli baxışımda yaşardı-qaldı.
Fələk saydığımı saymır bu yaşda,
Saydığım günlərdən yaşartı qaldı.
Yaşıl ümidlərim yaşıla çalmır,
Günlər yarpaq-yarpaq saralır nədi.
Nəğməm zildən düşür yaşıla çalmır,
Payız havasına sarılır nədi.
Yaşıma yaş gəlir yaşanır ömrüm,
Könlümün yaş adlı yaş giləyində.
Bir yandan yaşınıb yaş anır ömrü,
Bir yandan ömür də yaş giləyində.
04.11.1963.