Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Həsrətimdən qisas alım doyunca,
Görməmişdim səni ömrüm boyunca.
Torpağını gözüm üstə qoyunca,
Dalğalandı ürək adlı dənizim,
Təbrizim, ay Təbrizim.
Qurban olum Şəhriyarın sözünə,
Düşdüm doğma nəğmələrin izinə.
Könül verdim hər dağına, düzünə,
Çiçək açdı qızılgülüm, nərgizim,
Təbrizim, ay Təbrizim.
Məğrur başın illərdi ki, dumandı,
Qov üstündən buludları amandı.
Türk düşməni hiyləgərdi, yamandı,
Türkdür türkün dostu, yarı, əzizim,
Təbrizim, ay Təbrizim.
İnqilablar şimşəyindir hey çaxan,
Qəhrəmanlıq salnaməsi Səttar Xan.
Xiyabani, Pişəvəri, Bağır xan,
Qaranlıqdan doğan parlaq gündüzüm,
Təbrizim, ay Təbrizim.
Qoy başını bir də duman almasın,
Heydər baba, zirvəndə qar qalmasın.
At başından istibdadın çalmasın,
Sevicinə, vüsalına gül düzüm,
Təbrizim, ay Təbrizim.
06.01.2016.