Bu nədi?
Sən niyə baxırsan yollara, niyə,
Kimi gözləyirsən,gözüm, bu nədi?
Ürəyim, köksümü dağıtma, toxta,
Yoxsa tükənibdi dözüm, bu nədi?
Nədir bu intizar, bu qüssə, ələm?
Könlümü uçurur boğulan naləm.
Çökübdür çöhrəmə qəlbimdəki qəm,
Solub yanaqlarım, üzüm, bu nədi?
Köçüm uzaqlarda, ömür də yarı…
Yağır çalınçarpaz taleyin qarı.
Yeriyir üstümə qəm karvanları,
Bəs hanı təpərin, dizim, bu nədi?
Bu darıxmaq
Bu darıxmaq, aman Tanrım,
Buraxmır yaxamı nədən,
Darıxıram, darıxıram,
Dar gəlir ruhuma bədən.
Qara qarışqalar kimi
Yol gedirik, yön fələyin.
Yolumuz bir mənzilədir,
Kimi asta, kimi yeyin.
İçimizdən alışırıq
Kül olub sönənə qədər.
Heçdən gələn darıxacaq
Heçliyə dönənə qədər.
Qatar gözləyirəm
Bu qatar da ötüb getdi,
Ünüm yetmədi, yetmədi.
Gedib, gedib gözdən itdi,
Güman itmədi, itmədi.
Bir dəli inada qulam,
Könlümdə dağıntı, savaş.
Nagüman qatar gözləyib,
Nə çəkirəm, biləydin kaş.
Söykənib tənha söyüdə,
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir,
Mənsə qatar gözləyirəm.
İNDİ
Bir ömrün səadət payına həsrət,
Yarımı itirmiş yarıyam indi.
İnanma, kimisə xoşbəxt eyləyəm,
Kiminsə bəxtinə yarıyam indi.
Bir küskün ovqatam, kədərli çağam,
Səhra dolaşıram, gülzarım vağam.
Hərdən Tanrıma da asiyəm, ağam,
Sancmağa can gəzən arıyam indi.
İçimdə payızdı,çölümdə yazdı,
Deyirlər, bəxtəvər işvədi, nazdı.
Bir üzüm gəlindi, bir üzüm qızdı,
Fikrimdə yüz yaşlı qarıyam indi.
Dərdimə girovdur məhəbbət, həvəs,
Bu bəxtlə dünyaya gəlmişəm əbəs.
Ay məni özünə yar istəyən kəs,
Mən dərdin, kədərin yarıyam indi.