“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir şam qozasıyam xəzəl üstündə
Gələn də, gedən də xəzələ vurğun…
Üzümü tutmağa işıq gəzirəm,
Yoxdu dərd bilənim, tumar çəkənim,
Başımı döyməkçün çəkmələrinə,
Əzilib öpməkçün ləpirlərindən
Günah tanımayan uşaq gəzirəm…
Bir şam qozasıyam…
Bu şam anammı?
Yoxsa hər küləkdə bir budağıyla
Mənə “şillə” vuran xoflu atammı?
Bəlkə, şam nəslinin ögey oğluyam?
Bu parkda, bu sarı möhtəşəmlikdə
Elə boyum boyda heçlik, yoxluğam?
…bilmirəm…
Bilmirəm nəyiyəm bu parkın, Tanrım…
Bilmirəm, budaqdan niyə atıldım…
…külək vıyıldayır…
Xəzəl dağılır…
Görünür bir ovuc torpaq gözümə,
Təpirəm torpağa özüm-özümü…
Gedirəm hopmağa bircə qarışa…
Ümidim qoynumda…
Bir də ümidliyəm bu gələn qışa…
Gedirəm, nə vaxtsa bir şam olmağa…
2020