Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

Dağıdıb tökərmiş üstündəkini,
Lərzəyə gələrmiş yer də ilahi.
Bizi bu dünyaya birdə gətirmə,
Yoxdan var eləmə birdə İlahi!

Yox mən istəmirəm daş binaları,
Sərhədə bölünmüş dünyanı daha.
Sənin yaratdığın bu adamların,
Vicdanı ucuzdu, günahı baha.

Vəhşətlər içində toxum gül bitir,
Doğrusu istəmir adam inana.
Heyvan da heyvana mərhəmət edir,
Niyə rəhm eləmir insan insana?

Nədir əlimizdən getməyən bu qan?
Kim silər görəsən o lənət izi?
İnsan yorulmadı can savaşından,
Mələklər çiynindən atacaq bizi.

Dağıdıb tökərmiş üstündəkini,
Lərzəyə gələrmiş yer də ilahi.
Bizi bu dünyaya birdə gətirmə,
Yoxdan var eləmə birdə İlahi!…

* * *

Sözlərin qarışır pıçıltılara,
Titrəyir nəfəsin qulaqlarımda.
Bilirəm, bu gecə düşmərik dara,
Gizliyik ruhunun uzaqlarında.

Sözlərin qarışır pıçıltılara,
Elə bil an durub, zaman dayanıb.
Elə bil havada donubdur yağış,
Şəhərin üstündə duman dayanıb.

Pərdəsin çəkirəm pəncərələrin,
Küçədə payızdı, yanında bahar.
Gecikmiş görüşün odlu, alovlu,
Sevgiyə susamış öpüşləri var.

Əllərin süruşür yanaqlarımdan,
Duyuram vüsalın zəfərini mən.
Elə bil qarışıb mən sən oluram,
Elə bil qarışıb mən olursan sən.

O qədər məsumuq istəyimizdə,
Kim deyər bu eşqin adına günah?
Öpürsən qurumuş dodaqlarımdan,
Görüb gözlərini qaçırır Allah.

Bu sirli görüşün adını sən qoy,
Zamanla savaşda gözümüz qara.
Deyirsən bu gecə tükənməsin qoy,
Sözlərin qarışır pıçıltılara…

2016