Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Qaraca gecələrdən səhər doğanda hər gün
sən gələrsən ağlıma ,danı gözləyər bir quş.
Budaqlar bürünəndə yamyaşıl çarşabına
mən yanından keçərəm,bahar dönər olar qış.
Axşamüstü kölgələr doluşarlar otağa.
səhərləri tükənmiş payıza batar kimi…
Bir pərvanə sərilər tək, dağınıq yatağa
“Mətanət” öz gülünün ətrinə yatar kimi.
Ölü quşlar düşərlər evlərin qapısına
yaz günəşi yerinə ürəyi atar qışın
Yarasalar sevinər gecənin yarısına
Çiçəklər qucaqlaşar atıb yatarlar başın.
Məhəbbətdən nağıllar danışıb divarlara
ocağın tüstüsündə gözlərini özlərəm.
Xəyalını bürüyüb ağbəniz dumanlara
poçtun qutusu kimi məktubunu gözlərəm.
Baş qatıram birtəhər, görək.. nə olar, olar..
bircə an usanmaram, dodağımı büzmərəm.
Göydəki ulduzları gorda qovuşduran var.
Bircə Allahsız olma,Allah haqqı dözmərəm.