Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,
Günəş bayraqlı min-min səhərim olmasaydı,
Çinar kimi qol-budaq atmazdım dörd bir yana,
Bakıtək bir qəhrəman şəhərim olmasaydı.
Çaşbaş olub qalardım mən yollar ayrıcında,
Gözəl ana yurdumun torpağında, daşında.
Qanım kimi qaynayan bulaqların başında,
Açılan sufrələrdən xəbərim olmasaydı.
Yaramı qara gündə mahnılarımla sardım,
Dalğaları avartək bu əllərimlə yardım.
Mən ürək sözlərimi hara, hara yazardım,
Milyon-milyon ürəklər dəftərim olmasaydı!
Könüllərdən silinib adım unudulardı.
Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.
Payız çiçəkləritək mahnılarım solardı,
Zəhmətimin sonunda zəfərim olmasaydi.
Gənclər sahil boyunca xəyala dalardımı?!
Mənim şeirlərimdə bu ahəng olardımı?!
Gözəllərin gözləri maviyə çalardımı
Şəhərimin aynası Xəzərim olmasaydı?!
Ürəyimdən keçəni açıq deyim sizə mən:
Gəncliyimdən vurğunam günəşli gündüzə mən,
Çıxmazdım el içinə, görünməzdim gözə mən,
Beş-üç nəzərə çarpan əsərim olmasaydı!..
Çoxdandır bir vüsalın sevdası var başımda,
Yaxşı bilir bu sirri dostum da, qardaşım da.
Mən cavan görünərdim inanın bu yaşımda.
Dərdli Arazla bağlı kədərim olmasaydı!
Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.
Eşqimdən yaratmışam bu gözəl həyatı mən.
Mahnılarla bəzərdim bütün kainatı mən,
Bir gün torpaq altına səfərim olmasaydı!