Meşədə quşlar artıq oxumur kef-damaqlı,
Günəş üstdə bulud var göz üstündə qaş kimi.
Payız gəlib… çəmənlər görünür qaşqabaqlı,
Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.
Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
Havalara sovrulur yuvalardan quş tükü.
Görünür gözlərimə palıdların kötüyü
Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.
Sabah yəqin hər tərəf bürünəcəkdir qara,
Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,
Qışdan sonra bir daha qovuşmaqçın bahara –
Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.
Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
Hərdən günəş doğanda, görünür aydın mənə-
Savalanın təpəsi çalpapaqlı baş kimi.
Canlanır göz önümdə hər an başqa mənzərə,
Yağan yağış altında yuyunduqca dağ-dərə –
Yarpaqların ucundan damcılar düşür yerə
Gözdən axan yaş kimi.
Qış qapını kəsdirib yurd salacaq bu yerdə,
Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.
Şaxta baba əliylə bütün pəncərələrdə
Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.
Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
Yürüyür dağlar üstə buludlar karvan-karvan.
Yol çəkən gözlərimi çəkmirəm Savalandan.
Qanı qanımdan olan qardaşım Balaş kimi!