AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Üşümək… adicə bir kəlmədi, soyuqda üşüyərlər. İsti gələr, keçər gedər bu üşümək… Qalar xatirəsi…
Üşüməyin xatirəsi də üşüdür adamın ürəyini. Beynini o üşüdüyün günə kökləyəndə ürəyindən keçən qanın da “sərinliyini” hiss edirsən elə bil… İndi gülüb keçən də tapılacaq bu üşüməyin fəlsəfəsində azmağıma. Eynimə almıram, əminəm ki, dodağı qaçanlar Dəyanət Osmanlının şeirlərini oxumayıblar.
Pəncərəmdən qarlı bir gecə keçir,
Üşüdüyün günün fotosu
Gözlərimə baxır divardan.
Yadındamı,
Necə çarəsizdim
Sən titrərkən soyuqdan.
Ən əzizinin, bir ürək daha doğmasının üşüdüyünü görüb də çarəsiz qalan adamın içindəki yanğıya da acığı tutur, o yanğıdan bir ovuc götürüb sevdiyinin canındakı soyuğun başına əndərə bilmir deyə… Dəyanət Osmanlının şeirlərinin hər biri fərqli tablo…
“İlk və son” kitabını vərəqlədikcə rəsm sərgisindəymişəm kimi bütün şeirlərin doğulduğu anı, “inqə” səslərini, bu səsin ağrılarla çarpışmasını “gördüm”… Dünyanın tüm rənglərində, hətta, rəngərin tüm çalarlarında…
Qar yağır soyuq qış gecəsinə.
Çay evində qoca rəssam
Ən çox sevdiyi
Bozarmış-saralmış tablosuyla
Ödədi bütün borclarını.
lll
Axşam tramvayında
Xidməti hissəyə dönürdü
Bir inşaat əsgəri.
…Ötən gün yazdığı
Sevgi məktubunu xatırlayırdı…
Bu “baxıb gördüyüm” tabloların çoxu mənim tanışlarımdı… Bir-birimizin gözünün içinə dik baxa bilməyəcəyimiz qədər əskilib tanışlığımızın tarixi… Çardağın bir küncündə qırmızı donlu gəlinciyin pırtlaşıq saçlarının arasından görünür tanışlığımızın ad günlərini qeyd etdiyimiz köhnə təqvim… Və… Dəyanət Osmanlı adlı şairin yazdıqları həyatın özünü boylandırır gah qızılı, gah da tünd-qəhvəyi çərçivəli tablolardan… Təqvimlər də gündən-günə qorxudur adamları, etiraf etmək çətindi, amma dolayısıyla bunu hamımız dilimizə gətiririk… Ya da belə deyim, dilimizdən, cümlələrimizdən qova bilmirik təqvimdən qorxduğumuzu… Tabloların bütün fon rənglərində cəsarət hayqıran şair ruhu da təqvimdən qorxurmuş… Bu qorxular fəsil-fəsil rənglənib şeirlərdə…
Qar basır dekabrı,
Bütün umudları
Aparır divanə külək
Qiyamətin xarabalığına…
Dekabrda “sısqalaşmış” ağacların, bükülmüş damların, küçələrdən üz döndərmiş pəncərələrin qorxutduğu şair…
Fevral,
Qar,
Çərşənbə…
Külək qışı qovur, əzizim.
“Yaza nə qaldı?”-deyə gün sayan, qışın qovulmasından təsəlli tapan şair…
Heç nə yadımda yox,
Hər şeyin nurani üzü
Soyuğa,
Qaranlığa bənzər.
Viranəyə dönüb
Sentyabr şənbəsi.
Çəkilən pərdələrin arxasından boy göstərən bozumtul hava, yarpaqların yoxluğunu özünə dərd edib qaş-qabağını tökmüş ağaclar və xatirələrinin ən “soyuğunu” ürəyinə geyinmiş şair…
Eşikdə aprel gecəsi,
Ağaclar yalqız,
Budaqlar səs salır qorxusundan.
Küləksə oxuyur:
-keçər, ağacım, keçər…
Tənhalığından ürpənən, küləyin ağac budaqlarındakı rəqsindən ilhamlanaraq “həyatda hər şey müvəqqətidir” teoremini yaşamıyla aksioma olaraq təsdiqləyən şair…
Dəyanət Osmanlının etirafı misra-misra olsa da bir-birini bağrına basmağı bacarır bu misralar… Və qucaq-qucağa, bəzən çiyin-çiyinə, bəzən də sadəcə əl-ələ verib şair ürəyinin ağıla, ölçüyəgəlməz hisslərinin ağırlığına dayanırlar… Aradabir bu misralar bənd-bənd xəbər ötürürlər yolları uzaq düşmüşə…
Bildinmi nələr oldu,
Sənin ayrılıqdan sonrakı sevincin,
Sevginin yasından çıxmış
Tənhalığım mənim
Bir-birini bağışlayıb,
Bir-birinə sarıldı…
Və şair əmindi ki, xəbər yolların o başındakı mənzilə yetişir… Şairdən küsənlər şeirdən küsməzlər axı… Şairi tənhalıqla baş-başa qoymaq yeni şeirlərin cücərməsinə cəhddi bəlkə də… Ən gözəl şeirlər şairin sevgisindən və özündən ibarət “çoxluğundan” doğulur…
Sevildiyim qədər
Yalnızlığım var,
Bəlkə də çox.
Amma təkliyimi
İtirdiyim qədər xoşbəxtəm.
Bax, belə…
Sənə məktub yazıram
Ayrılıq qorxusundan,-deyir…
lll
Sən könül bağıma girəli
İçim ələk-vələkdi,
Nə aparıb getmisən,-deyir…
lll
Özün bilərsən
Hər şey yuxutək bitəndə,
Məni bir qurd kimi sevəydin
gərək,-deyir…
Deyə-deyə də İlkdən Sona doğru gedən yolda şeir boyda öz ölçü vahidini yaradır Dəyanət Osmanlı… O ölçü vahidinin adı çox sadədir: “Və…” “Və bütün şairlər şeir-şeir doğulur, şeir-şeir ölür, şeir-şeir əbədiyyət olur… Və… Şükür şairinə, Tanrım!”
525-ci qəzet
16 fevral 2016