ts

Əslində səkkiz ədədi mənim xoşuma gələn riyazi rəqəmdir. Bu ədəd asanlıqla ikiyə bölünür. Hətta bölünənlər özləri də ikiyə bölünür.Lakin sonda bir qalır.Elə o tənha qalan biri özüm hesab edərək fikirlərimi ürək yanğısı ilə sizinlə bölüşürəm. Bəzən həyatda elə hadisələr var ki, insan yaddaşında unudulmayan izlər buraxır. Sabah martın 8-dir. Əbəttə bütün anaların, nənələrin hətta balaca xanım qızlarımızın bayramıdır. Mən isə bu bayramı qəbul edib canı könüldən təbrik yaza bilmirəm. Çünki, Anasızam, qəlbim daş acımasızam. Qəlbimi daşa döndərən ən ağrılı yerim isə, 8 mart günü atamı itirməyim oldu. O gündən bu günə 8 rəqəmi daha mənim gözlərimdə bir kədərə, nisgilə çevrildi. Mən kimi təbrik edə bilərəm ki?! Qəlbimin dağına, daşınamı, turşu sıxılmış aşınamı, sitəm dolu qəlbimin başınamı? Baxın… Allah yaradanı necə imtahan edir. Elə bu səbəbdən də bu aralarda bir məqalə yazdım. Qəribə səslənsə də belədir. “Dərd məni qocaltmır, dərdi mən qocaldıram” İnanın çəkdiklərimə rəğmən canıma yağı olan dərdlərim məndən qaçır. Bəzən mənimlə üz-üzə dayanırlar. Deyirlər.. Biz səni yox, sən bizi yıxdın bitirdin. Bizi dözümünlə məhv etdin. Hətta atalar da belə deyir.Doğrudanda, hərənin qəlbində bir aslan yatır. Heç kəs göründüyü qədər xöşbəxt deyil. Sizə baş ağrısı verməyim dəyərli oxucularım. Adım yazar olsa da, bu bayram üçün təntənəli təbrik yazmağı bacarmıram. Əllərim əsir, qəlbim titrəyir. Bu gözəl günü vəsv edə bilmirəm. Atam gözlərim önünə gəlir. Axı o gündən gözlərimə qəm çöküb. Gözlərim yaşlıdır, keçdiyim yollar daşlıdır, üzüyüm isə qaraqaşlıdır. Bəxtiyar müəllim deyir” Dünya fırlanır” Baxın mən bu fırlanan dünyanın başına dözümümlə dolanmışam. Dözmüşəm Allahın verdiklərinə, verə bildiklərinə amma asi düşməmişəm. Ən önəmlisi yenilməmişəm, əyilməmişəm. Ancaq gözlərim könlümün, ürəyimin önündə nəmlənib, mən daş-kəsəyəmmi deyə qəmlənib. Allah heç kimin ağ gününə qara rəng qatmasın. Hansı ki, həyatın çəkdiyi rəsmlərin fırçası mən oldum. Mən çəkdim həyatın acımasız yollarını və bu yola yolçu oldum. Yolun əvvəli işıq, ortada boşluq, sonu isə bilinmir. Gedirəm yolçuyam bu yollara, möhtacam nəvazişə, mənə açılmış qollara. Ana.. gələ bilərsənmi? Atam, arxam, dağım dönə bilərsəmi, buraxıb getdiyin gözyaşlı balana sarılarsanmı? Yox…ama bütün bunlar yalnız anasız, atasız qızların istəyi ola bilər. Siz yalnız mənim xəyallarımda canlana bilirsiz, gözümün yaşını silirsiz sanki günahkar kimi. Yox-yox siz günahkar deyilsiz. Bu dünyanın tufanı, qasırğası, küləyi ayırdı bizi. Əgər gəlsəniz tanıya bilmərik bir-birimizi. Ana saçının bəyazı mənim tellərim, uzatsan çatmaz, toxunmaz əllərin.. Eh.. Anam…Anam..Amma atam səninlədir. Bilirəm xöşbəxsiniz bir-birinizlə. Axı atam səni çox sevərdi. Ey məni bu mənasız həyata qonaq gətirən Atam və Anam sizlərə Allahdan rəhmət diləyirəm.. Nur içində yatın..Yeriniz cənnət olsun..
P.S. Elə bu səbəbdən dolayı əziz və hörmətli xanım döstlarım qələm götürüb heç birinizinn bayramını təbrik edə bilmirəm.
TƏRANƏ ŞƏMS. 07.03.2016.