Açılar üzünə yenə sabahlar,
Qıfılı qırılmış qapılar kimi…
Enişdən-yoxuşa getdiyin yolun
Daşı kirpiyimdən asılı qalıb.
Son dəfə boynuma asdığın qolun,
Yaşı kirpiyimdən asılı qalıb.
Fikrim əllərini qoyub qoynuna,
Əyrinin yasıdı,düzün yasıdı.
Həsrət sandığıntək oyuncaq deyil,
Yolların gözümdən asılmasıdı…
Hər gecə yuxumdan oyaqlar keçir.
Qəm mənim solumdu,kədər sağımdı.
Sənin son sözlərin günahdan deyil,
Günah,gec yuxudan oyanmağımdı…
Deyərəm-gülərəm, bir gözü yaşlı,
Gözümdən damlayan yaş o dan deyil.
Açılan sabahım,batan qürubum,
Məni indən belə yaşadan deyil!
08.03.16
Xoşbəxtlik üçün
Göz çəkir,uzağı yaxına sarı,
Qəmim halay qurub axına sarı.
Dağıdıb bərəni,yıxıb hasarı,
Özüylə gətirə,vüsalından ün,
Bircə O çatışmır,xoşbəxtlik üçün!
Yolu yaxın ola,çıxmaya yoxa,
Ola,səbrin kimi ürəyi yuxa.
Tuta əllərindən köksünə sıxa,
Vura dodağında ömürlük düyün,
Bircə o çatışmır,xoşbəxtlik üçün!
Deyirlər,tanrının böyükdür ahı,
Gündüzə çevirir,zülmət sabahı.
Dərdlilər aparır,ona pənahı,
Yenə o çarədir,ayrılığa çün,
Bircə o çatışmır,xoşbəxtlik üçün!
06.03.16