Bütün xanımlarımızı sabahkı bayram günü münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə ki, aşağıdakı şeirimlə:
GÜLLƏR ARASINDA
Bu da nazənin bahar,
Yenə dinir arzular –
Çiçək kimi, gül kimi…
Əsir nazlı küləklər,
Göz oxşayır çiçəklər –
Yenə əlvan tül kimi…
Sevən aşıqlər də bax,
Gül yığır qucaq-qucaq –
Sevdalı bülbül kimi…
Gözəllərin gözləri –
Baharın nərgizləri…
Seçdin, ay könül, kimi?!
Könül dilə gəldi ki,
Hasını seçim indi
Nərgizin, bənövşənin?!
Biri-birindən incə,
Heyran oldum görüncə –
Hər gülünü gülşənin!…
Beləcə… çaşıb qaldım
Mən güllər arasında…
Hər çiçəkdən iz qalıb
Gözümün qarasında!…
18.02.1997
ÇİÇƏKLƏRİN…GÜLLƏRİN…
Kim deyir ayrılıq alın yazısı, –
Sarı çiçəklərin, sarı güllərin?!
Mənsə sevincimi bu cür bölərdim:
Yarı çiçəklərin, yarı güllərin.
Yaz ömrü qısalar vursa qar-ayaz,
Olar ləçəkləri bəyazdan-bəyaz.
Dərməmiş telinə sığal çək bir az
Barı çiçəklərin, barı güllərin.
Onlar xoşbəxtliyə körpü salanlar,
Onlar dilək verib ürək alanlar.
Ətrindən gör necə bal çəkib şanlar
Arı çiçəklərin, arı güllərin!
Qıymayın ləçəyi vaxtsız tökülə,
Həsrətdən şeh düşə, boynu bükülə.
Varmı bənzəyişi “xarı bülbül”ə
Xarı çiçəklərin, xarı güllərin?!
Təravət paylayıb çiçəklərmisal,
Ümidə, arzuya yol aç, körpü sal.
Qoy olsun dünyada səadət, vüsal
Yarı çiçəklərin, yarı güllərin!