Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Vaxtdı
Məni gedənlərin sırasına yaz,
İstərəm əllərim əlinə yetə.
Qorxuram günahım çoxala bir az,
Çiynimdən mələklər inciyib gedə.
İlahi vaxt ikən sən canımı al,
Qoy kimsə çəkməsin qayğımı mənim.
Unutma bəndəni, mənə nəzər sal,
Qalmayıb dünyada bircə sevənim.
Bu titrək əllərim bənövşə dərməz,
Ömrü əritmişəm illər uzunu.
Daha qızlar mənə gül-çiçək verməz,
Arxada qoymuşam ömrün yazını.
Soldu zaman-zaman eşqin çələngi,
Gözümün əvvəlki işığı yoxdu.
Daha dəyişilib güllərin rəngi,
Canımın ağrısı, acısı çoxdu.
Geriyə dönmədi gözdən itənlər,
Tay mənim ürəyim yetim yuvadı.
Baharı apardı ötüb gedənlər,
Bu hava özü də özgə havadı.
Əllərim bir ələ yetişməyəcək,
Xatirə yazmağa yoxdu həvəsim.
Qəlbimin çatları bitişməyəcək,
Uca zirvələrə yetişməz səsim.
Yediyim çörəyin dadı dəyişib,
Ruhum uçmaq üçün hazırdı çoxdan.
İndi sözümün də dəyəri düşüb,
Axı nə umasan olmazdan, yoxdan.
Bilirəm mənim də vaxtım daralıb,
Oyaqdı həmişə vaxtın yiyəsi.
Can alan mələk də sifariş alıb,
Döyür pəncərəni qışın nəfəsi.
Gedirəm
Zirvədən dönən yolçuyam,
Bir cığır salıb gedirəm.
Dünya adlı bir qocadan,
Dərsimi alıb gedirəm.
Dağlar gəzdim, qəlbi uca,
Köks ötürmədim bir taca.
Baxıb hər gülə, ağaca,
İndi əl çalıb gedirəm.
Yollarda oldum həmişə,
Məni çox sıxdı əndişə.
Boylanıb baxıb günəşə,
Xəyala dalıb gedirəm.
Üzüm ağdı, ürəyim tox,
Çox yaşadım deyəsən çox.
Tanrıdan bir gileyim yox,
Vaxtdı, qocalıb gedirəm.
Dərddən inciyirəm…
Hərdən bulud kimi gözlərim dolur,
Hər arzu, istəyim gül kimi solur.
Hərənin qazancı bir şeydən olur,
Dərdi dərdə qatıb kef eyləyirəm.
Qəlbim qəfil səsdən çaşır, ürpənir,
Sevincim ağlayır, dərd-qəmim dinir.
Bəzən lap bezirəm, səbrim tükənir,
Dərddən inciyirəm, səhv eyləyirəm.
Dərdin əndişəsi çıxmır canımdan,
Qəm-kədər dərirəm hər bir anımdan.
Dərdləri yığıram dörd bir yanımdan,
Durna qatarıtək səf eyləyirəm.
Həsrəti, hicranı görməmişəm kəm,
Gələndə tək gəlmir, o da gəlir cəm.
Elə ki, üstümə yeriyir dərd-qəm,
Sinəmi gərirəm dəf eyləyirəm.
Qəhər cəllad kimi kəsir nəfəsi,
Qəlbimi yandırır hicranın səsi.
Üstümü alanda dərdin nəşəsi,
Dərdin bolluğunda kef eyləyirəm.