em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Tanrının həvəsi yox

Başıma gün döysə də,
Ürəyimə qar yağır.
Çöldə şəfəqlər gülür,
Gözümdən sel-su axır.

Gələn gün, batan günəş,
Hey oyadır yaddaşı.
Mən tərpədə bilmirəm
Yolumdakı bu daşı.

Bir-birinə qarışıb,
Saçlarımda ağ-qara.
Payızın sonundayam,
Ümid yoxdu bahara.

Canım candan qaçaqdı,
Barışmağa güman yox.
Düşmüşəm qəm selinə,
Yapışmağa saman yox.

Söykəndiyim ağacın
Barı bir kölgəsi yox.
Bu canımı almağa
Tanrımın həvəsi yox.

Yağış yağır

Göylər dolub, qan-qan deyir buludlar,
Mən də yaman tutulmuşam, bəri bax.
Ötüb keçmir dəqiqələr, saatlar,
Bu həsrətdən yorulmuşam, bəri bax.

Ürəyimdə bir təlatüm çırpınır,
Haldan-hala salır məni bu hicran.
Elə bil ki, şaqqıldayıb göy sınır,
Qoymur açam gözlərimi bu tufan.

Su çilənir gözəlliyin üstünə,
Gül-çiçəklər qalıb boynu bükülü.
Göylər durub çöl-çəmənin qəsdinə,
Ocaq sönüb, yel oynadır tay külü.

Qəzəbindən göylər oyur dağları,
Sellər-sular qayalardan atılır.
Yağış çoxdan çimizdirib bağları,
Coşqun sellər dağ çayına qatılır.

Boynun bükür neçə-neçə arzular,
Ürəyimdə yellər əsir, qar yağır.
Yollarımı bağlayanda sel-sular,
Qəlbim, gözüm bu həsrətdən ağlayır.