Dəlilik gözəldir,olasan dəli,
Bircə olmayasan,söhbət dəlisi.
Buğlana başında Vətən sevdası,
Adına deyələr millət dəlisi.
Gül olub bitəsən,torpaq üzündə,
Xoş ətir saçasan, Vətən düzündə.
Sevənin sevdiyi sevgi sözündə,
Sevib seviləsən,heyrət dəlisi.
Ağlının ipini özün yığasan,
Tamahı öldürüb.nəfsi boğasan,
Hər Günəş doğanda şeir doğasan,
Görələr necədir,fitrət dəlisi.
Ola bir stulun,bir işin mini,
Böyük vəzifələr tez udar səni.
Özü qılınclayar öz kölgəsini,
Vəzifə dəlisi,şöhrət dəlisi.
Gedəsən,ulduzun axa dalınca.
Sevgi gözlərini sıxa dalınca.
Dünyadan köçəndə baxa dalınca,
Deyə hamı rəhmət,rəhmət dəlisi!