İLAHİ
Coşğun dəniz könlümdə,
Ləpəyə bax,ilahi.
Tək əllərin çaldığı,-
Çəpiyə bax,ilahi.
Bir pətəksiz şan yerdə,
Oldum pərişan yerdə.
Sular qarışan yerdə,-
Köpüyə bax,ilahi.
Məndən düşüb ayna yan,
Yoxdur qanım qaynayan.
Kölgəsiylə oynayan,-
Köpəyə bax,ilahi.
Qürbətdə vətən tutan,
Ruhumsan bədən tutan.
Dağın əlindən tutan,-
Təpəyə bax,ilahi!
BİR ADAMLIQ YER KÜRƏSİ ŞƏKLİNDƏ
Vədə verib bel bağlama dağlara,
Hər zirvədə duman olmaz,qar olmaz.
Bir adamlıq Yer kürəsi şəklində,-
Məndən başqa bu dünyada Yer olmaz.
Gözəlliklər məskənidir bu diyar.
Nə faydası,könül açsa gülə xar?!
Söyüdü var,çinarı var,sərvi var,-
Bəsləməklə hər ağacda bar olmaz.
Bu sevdayla nə qul oldum,nə ağa,
Saçlarını çətir eylə,gəl bağa.
Könül quşum budaq gəzir qonmağa,-
Mən bilirdim səndən mənə yar olmaz…