Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Tabloda rəqəmlər dəyişir, Ustad!
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn
Şəhriyara sevgi və sayqılarla!
Halım da dəyişir qoca dünyaya,
Baxdıqca hər dəfə öz pəncərəmdən.
Müəllif
Əzəldən dünyayla sözüm çəp gəldi,
Gəl mənim halımı sorma, ay Ustad!
Bu dünya onsuz da düzələn deyil,
Çox da öz-özünü yorma, ay Ustad!
Hər dəfə yurduma qış gələn günü,
Mən ki öz sözümlə Səni anmışam.
Rəsmini tabloda gördüyüm gündən,
Eşqinlə, ey Ustad, alovlanmışam.
Şimalın Cənubla görüş anı tək,
Gözümün yaşını töküb ağladım.
İnandım bir zaman görüşəcəyik,
Yenə Haqq Allaha ümid bağladım.
Şükürlər olsun ki, Uca Allaha,
Ümidim yenə puç olmadı heç.
Ustadsan, şagirdəm həyatım boyu,
Bir suçum var isə gəl suçumdan keç.
Vahid Azərbaycan övladlarıyıq,
Səngərdə əsgərlər döyüşür, Ustad!
Yeni il gəldikdəkcə hər dəfə, düzü,
Tabloda rəqəmlər dəyişir, Ustad!
Bu dünya şairin nəyinə gərək?!
Günahı duayla yuyub gəlibdi,
Ömrü şeir üçün qoyub gəlibdi,
Onsuz da dünyadan doyub gəlibdi,
Bu dünya şairin nəyinə gərək?!
Divara daş kimi vurulub qalan,
Bir göz qrpımında durulub qalan,
Yalan üzərində qurulub qalan,
Bu dünya şairin nəyinə gərək?!
Süleyman mülküdü qalan ha deyil,
Şairi yadına salan ha deyil.
Şairin könlünü alan ha deyil,
Bu dünya şairin nəyinə gərək?!
Əhd-peyman bağlamaz sonuna qədər,
Dağılmaz gözündən qəm ilə kədər.
İstər gündüz olsun, istərsə səhər,
Bu dünya şairin nəyinə gərək?!
Sevinib, şadlanıb, gülən deyil ki,
Ömrü başa vurub ölən deyil ki,
Sevinci, kədəri bölən deyil ki,
Bu dünya şairin nəyinə gərək?!