TEZLİKLƏ O GÜNLƏR GERİ QAYIDA

Tezliklə o günlər geri qayıda,
azala dünyanın qüssəsi,qəmi,
doyunca dərdləşib çayxanarda,
dolaşaq şəhəri səhərə kimi,

Dostlar bir-biriylə qol-boyun gəzə,
mövzuya çevrilə xoş xatirələr,
valah,uzaq olmaq yaraşmaz bizə,
hamı bir-birinə yadlaşa bilər.

Ensiz küçələrdə keçdi vaxtımız,
ürəyim sızladı–nə kimsəsizdir!
düzünü deyim ki,köhnə Bakımız
mənə indikindən daha əzizdir!

Hafıflar-ulduzlu,mehli gecələr,
kimi səyahətdə,kimi bağında,
bir vaxt yaşıllıqda dincələn şəhər
indi “Göydələnlər” sıxıntısında.

Hərdən nələrdəsə qıtlıq da olsa,
insanlar daha da mehribanıdı,
evlərin açarı yaxin qonşuda,
ya da “ayaqaltı” altındayıdı..

İbrət götürərdi çoxları bizdən,
get-gedə bərəkət,ruzi çəkilir,
aralı gəzdikcə bir-birimizdən,
“viruslar-miruslar” araya girir.

Tezliklə o günlər geri qayıda,
qaçıb ev-eşikdən şəhərə dolaq,
bu günlər bir azca bizi oyada,
sən məndən,mən səndən muğayat olaq…

HEÇ BİLİRSƏN NƏLƏR OLUB O VAXTDAN?

Ürəyimdə bir məlhəmsiz yarasan,
durna köçü yenə keçir uzaqdan,
həsrətinə dözmək olmur, hardasan?
heç bilirsən, nələr olub o vaxtdan?

Heç bilirsən; kimlər çalıb qapımı,
neçə dəfə dərd qaraldıb qanımı,
suallarla bezdirdikcə Tanrımı
əllərimdən nələr alıb o vaxtdan?!

Heç bilirsən,nələr çıxıb qarşıma,
baharımdan nələr qalıb qışıma,
kimlər gəlib küllər töküb başıma,
saçalrımda nələr solub o vaxtdan?

Yaşamışam–sən qəlbimdə qalaraq,
məndən bezən can əlində qalaraq,
yastığımda quruyaraq,solaraq
heç bilirsən,nələr qalıb o vaxtdan?

Heç bilirsən;həsrət nədir,qəm nədir,
ümidləri puç eləyən kin nədir,
yalanımdan:”Günah yalnız məndədir”,
neçə-neçə güllər solub o vaxtdan?

Dustağıyam sənsiz keçən illərin,
nə biləsən;nədən var ki,xəbərin?
Sığalları neçə-neçə yellərin
əllərini yada salıb o vaxtdan!
Nə biləsən,nələr olub o vaxtdan???