Özü yandı, özü söndü,
Bu nə cürə məhəbbətdi?
Birdən-birə üzü döndü,
Bu nə cürə məhəbbətdi?
Bir qisməti həsrət imiş,
Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,
Bu nə cürə məhəbbətdi?
Əvvəl idi, axır oldu,
Həmdəm idi, yağı oldu,
Həqiqəti nağıl oldu,
Bu nə cürə məhəbbətdi?
Bir adı qəbahət imiş,
Bir adı xəyanət imiş,
Bir adı fəlakət imiş,
Bu nə cürə məhəbbətdi?
Çox-çox illərim heyf oldu,
Xəyala döndü qeyb oldu,
Külü göylərə sovruldu,
Bu nə cürə məhəbbətdi?