Tanrının əsəridi,
Tanrılara tən gəlib.
Çırpıb qanadlarını,
Enib göylərdən gəlib,
Qurbanam, Türkə qurban!
Allah özü güc verib,
Qoluna, qanadına.
Bir mələk pıçıltısı
Türk söyləyib adına,
Qurbanam, Türkə qurban!
Dəliləri dəlimdi,
Haqqa çatan əlimdi.
İlkimdi, əvvəlimdi,
Əvvələ, ilkə qurban,
Qurbanam, Türkə qurban!
Dərd bağlanıb yükünə,
Budağına, kökünə.
Türkün bircə tükünə
Min Oğuz, Bilgə qurban,
Qurbanam, Türkə qurban!
Haqqın yolu deyilən,
Haqla dolu deyilən,
Anadolu deyilən
Görkəmə, görkə qurban,
Qurbanam, Türkə qurban!
Can içində can nədi,
Damardakı qan nədi,
Altay, Türküstan nədi,
Bu sirri dərkə qurban,
Qurbanam, Türkə qurban!
Gülşənimdi, lalamdı,
Balası öz balamdı.
Şəhərimdi, qalamdı,
Təbrizə, Ərkə qurban,
Qurbanam, Türkə qurban!
Bir nəfəri qalınca,
Gedər Haqqın dalınca.
Qurşadığı qılınca,
Qoyduğu börkə qurban,
Qurbanam, Türkə qurban!
Təmiz, sağlam niyyətə,
Ulu mədəniyyətə,
Bir böyük həqiqətə
Min cürə bəlkə qurban,
Qurbanam, Türkə qurban!
Arxalanıb qeyrətə,
Gedir əbədiyyətə.
Yaratdığı cənnətə,
Saldığı mülkə qurban,
Qurbanam, Türkə qurban!
Mən Türkün nəfəsiyəm,
Mən Türkün nəvəsiyəm.
Atillalar, Metelər,
Manaslar əvəziyəm.
Bu işıqlı həvəsə,
Bu tükənməz nəfəsə
Yer-göy, varlıq, kainat,
Gün qurban, kölgə qurban!
Qurbanam, Türkə qurban!!!