İnsan oğlu vaxtsız getməz həyatdan,
Bir qəzası, bir qədəri yoxdusa.
Xoşbəxtlərin xoşbəxtidi dünyada,
Yurd sarıdan dərdi-səri yoxdusa.
Ocaq keçər, könül küldən qor ummaz,
Qərib düşən qürbət eldən gor ummaz.
O dağlarda adətimiz qorunmaz,
Oğul toyu, qız nəməri yoxdusa.
“Ceyran” bulaq sinəm üstən car olmur,
Başı üstə saz dillənmir, tar olmur.
Niyə mənim qulaqlarım kar olmur,
Dəlidağdan bir xəbəri yoxdusa.
Vaxtsız solub tökülməzdi xəzəli,
Bu torpağın öz başıydı, öz əli.
Necə gəzsin Azərbaycan gözəli,
Tərtər kimi bel kəməri yoxdusa.
Bir canı var hər yaranan dastanın,
Ruhu yoxsa, izi yoxdur insanın.
Qan-yaş tökər, Ağadabanlı Qurbanın
Qonaq gələn Ələsgəri yoxdusa.
Söz özüydü, saz özüydü, səs özü,
Bir dünyaydı, bu dünyaya bəs özü.
Zəlimxanın nə özü var, nə sözü,
Ana yurdun Kəlbəcəri yoxdusa.