Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

ƏMİ

“Əmi” deyə müraciət etdiyimiz
Aşıq Əli Quliyevə

Dərd yarı olardı dərd ola bilsə,
Biz çəkən nədisə hədərdi, əmi.
Qələmdən axanda qəm yığnağıdı,
Saza qaldıranda kədərdi, əmi.

«Dünya dolanması qatıb başları»,
Yar-yoldaş unudub yar-yoldaşları…
Könlükəsək-lərin, qəlbidaş-ların
Nə dərdi olacaq, nə dərdi, əmi?!

Necədi köksündə köz dolanmağın?
Getdi zəmanəsi yüz dolanmağın.
Halal yaşamağın, düz dolanmağın
Astarı üzündən betərdi, əmi.

Başa dırmaşdılar baş əzdirənlər,
Könül küsdürənlər, qəlb üzdürənlər.
Daha can ha deyil biz gəzdirənlər,
Eləcə düşmənə çəpərdi, əmi.

İbrahim İlyaslı – yollarda gözü,
Vurğunudu sənli söhbətin, sözün.
Oxu, bu qoşmaya qıymat qoy özün,
Adına bağladım – nətəridi, əmi?!