İstanbulun CNR salonunda davam edən kitab yarmarkasında azərbaycanlı nasir Eyvaz Zeynalov “Eski bisiklet” kitabını oxucular üçün imzalayıb.
Oxucular “Eski bisiklet” kitabına yaxından maraq göstərdikləri kimi kitabın müəllifi Eyvaz Zeynalovla üzbəüz söhbət imkanı əldə ediblər. Eyvaz Zeynalov öz yaradıcılığı və Azərbaycan ədəbiyyatının bu günkü durumu barədə Türk oxucularına ətraflı məlumat verib.
”Eski bisiklet” kitabını nəşr edən “Ferfir” nəşriyyatının sahibi Şərəf Yılmaz APA-ya verdiyi açıqlamada deyib :”Kitabı keçən ilin dekabrında nəşr etdik.Oxucuların kitabı rəğbətlə qarşıladığını deyə bilərəm.Eyvaz bəyin yaradıcılığına olan marağı görəndən sonra keçən həftə onunla yeni bir müqavilə imzalayaraq “Qisas” romanını Türkcə çap etməyi qərarlaşdırdıq. Kitabı noyabr ayında keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışına qədər çap etməyi nəzərdə tutmuşuq. Daha əvvəl də sizə demişdim ki, Eyvaz Zeynalovla yaradıcılıq münasibətlərimiz davam edəcək.Azərbaycan və digət türkdilli ölkələrin ədəbiyyatlarının qiymətli nümunələrini Türkiyədə çap etmək əsas hədəfimizdir”
Kitablarını imzalayandan sonra CNR yarmarkasında APA-ya açıqlama verən Eyvaz Zeynalov deyib ki, İstanbula bu dəfəki səfərində “Chiviyazıları” nəşriyyatı ilə də müqavilə imzalayıb.Müqaviləyə əsasən, nəşriyyat yazarın “Bələdçi” əsərini çap edəcək.”Bələdçi” əsərinin də noyabrda keçiriləcək TÜYAP beynəlxalq kitab yarmarkasının açılışında stendlərdə nümayiş etdirilməsi gözlənilir.
Qeyd edək ki, martın 4-də açılan CNP kitab yarmarkası martın 13-də bağlanıb.

http://www.apa.az