Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
BU HƏYAT YOLUNDA
Neçə ürəkləri varaqlamışam,
Neçə çəmənləri oraqlamışam,
Neçə sevənləri soraqlamışam,
Heç demə naşıyam, ruhum bir incim,
Dünya sevncimdən olub bir əlçim.
Mən sevən biriyəm, sözə bağlıyam,
Cüt qoşa qanada, gözə bağlıyam,
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!
Yurdumun bu ilıq, od nəfəsindən,
Mən ilham alaraq cilalanmışam,
Qəlbi bədxahların daş qəfəsindən,
Kədərdən ələmdən uzaqlaşmışam.
Çəməndə çiçəklə, aranda güllə,
Meşədə kəkliklə, bağda bülbüllə,
Dərələr keçmişəm, dağlar aşmışam,
Qayada bulaqla dodaqlaşmışam.
Uzaq səfərlərdə yaraqlaşmışam.
Bu həyat yolunda bulaqlaşmışam.
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!
DÖYƏCƏM QAPINI
…Bir gün xəbər eləmədən,
Döyəcəm sənin qapını,
Gizli olan məhəbbətə,
Heyran qoyacam hamını.
Bir cüt sevən qovuşacaq,
Ürəkdə sevgi daşacaq,
Alov kimi alışacaq,
Həsrətin bitən zamanı.
Ruhuma olmusan qida,
Ürəkdə qopur min nida,
Allah, nədir bəs bu sevda?!
Unudub, pisi, yamanı,
Heyran qoyacam hamını.
…Döyəcəm sənin qapını!
ÜRƏYİMDƏ SAXLARAM
Milyon-milyon insanların
əhatəsində,
Özümü tənha hiss edirəm…
Sanki duman
bürüyüb cahanı,
Yalan, laqeydlik,
xəyanət görürəm!
Bacardıqca qaçıram
insanlardan,
İçimdə odlu bir sevda
ola-ola…
Gözlərimə nisgil yaşı
dola-dola…
Başımıza gələn işlər xatirələr
adlanır,
Oxunmuş bir kitab kimi
qatlanır…
Bütün bu olanları,
tale yazısı bilmişəm,
Sonra da uşaq kimi,
şirin-şirin gülmüşəm…
Amma niyə görəsən, bütün bu olanlardan
sonra,
Səni səndən və onlardan,
sızıldayan canımdan çox
sevdim???
Səni bu ruhuma nə qədər yaxın bildim!
Yoxsa ki, sən gülürsən bütün bu olanlara?
İcazəsiz, sualsız ürəyə dolanlara.
Səni elə beləcə saf sevgimə bələyib,
Gözlərimdən ələyib,
ürəyimdə saxlaram!
Söylə, daha kimə könül açarsan?
Yoxsa ordan da qaçarsan?!