mm

Var olmaq yaşamaq deyil ki, hələ,
Buna mənəviyyat, ləyaqət gərək.
İnsan öz nəfsinə oldusa kölə,
Yaşamaq haqqını itirdi demək.

Əmanət veribdir insafı Allah,
Xəyanət elədik əmanətinə.
Təmizə çıxarmı bu qədər günah?
Güvəndik tanrının ədalətinə.

İtirib Allahın verdiyi nuru,
Düşübdür zülmətə, dumana insan.
Mərhəmət yerinə götürüb zoru,
Qənim kəsilibdir insana insan.

Yaxşılıq bəndənin insanlıq borcu,
Yaxşılıq ürəyin rahatlığıdır.
Hər kəsin qayğıya var ehtiyacı.
Yaxşı əməl qəlbin abadlığıdır.

Çıxar içindəki kini, nifrəti,
Qoyma ürəyinin işığı sönsün.
Allah bəxş eləyən nuru, şəfqəti,
Artır zərrə-zərrə günəşə dönsün.

Yamanlıq, paxıllıq, həsəd, xəbislik,
Şeytanın, iblisin vəsvəsəsidir.
Mərhəmət, sədaqət, halallıq, düzlük,
İnsanın birinci vəzifəsidir.