1915291_748109358667106_2463672035380493579_n

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Baxışlar da fərqli olur… Sevincli, küsmüş, utancaq, ürkək… hətta, baxmaq istəməyən baxışlar da var. Mən onun baxışlarında həmişə utancaqlıq və baxmaq istəməmək görürəm. Elə bil bu dünyanın yaxşısına-pisinə baxmağa, görməyə, dərk etməyə kimsə onu məcbur edir. Heç vaxt bunu onun özünə demədim onu tanıdığım zaman ərzində. Qorxdum… Son vaxtlar çox qorxaq olmuşam. Əvvəllər ayrılıqdan, hüzndən, yıxılmaqdan qorxurdum, bu qorxunun olmayacağı günlərə ümid edirdim. Indi ümidin özündən də qorxuram… Ümiddən…
Onun baxışlarında utanmağı, baxmaq istəməməyi görürəm, amma, qorxunu heç vaxt görməmişəm. O, qorxmur. Ağlına, ürəyinə nə gəlirsə misralara düzə bilir, yaza bilir Gülnarə Sadiq.
Göz yaşı təslimdi ümidsizliyə…- deyir…
Baxışlar yol alır sonsuz sevincə…-deyir…
Ümidsizliyini sevincinə “yenildə” bilir Gülnarə Sadiq. Qaçır sevincə doğru…Qaçır… Yüyürür… Nə qədər ətri üstündə solan arzu varsa hamısını ən gözəl saxlancı edir, büküb-bürmələyib ürək boxçasına yığır, ovuclarını üzü sabaha açır, qaçır… Qaçır…
Sevən bir cüt gözə yazılan yazı,
Buludlara sevgi sarmaq nə gözəl…
Həyatın gözəlliyini gözlərindəki utanan “yazılarda” yaşayır o… Belə alqışlayır insanın dünyaya mehrini, ülfətini… Demirəm ki, ağlamır bu qız… Ağlayır… Dünyanı gözlərinə yığır, ümidlərindən asır, üsyankar misralarına bələyir, ağlayır… Ağladıqca özünü inandırmağı bacarır ki, həyat yaşamağa dəyər qədər gözəldir… Bu gözəl günlərin heç birini kədərə təslim etmək istəmir… Öz-özünə pıçıldayır:
Ağlama, ağlasan kədər üz görər,
Girib ürəyinə qovurar səni…
Gülnarə Sadiq özünü kədərdən belə “qoruyur”… Belə savaşır dərdlərlə…
Hərdən qaçıb sığındığı gözəl həyat anlamının qarşısında şair ürəyi boynunu aşağı əyir, məzlumlaşır… Fağır-fağır savaşmağa daha gücü qalmadığını etiraf edir… Böyümək istəyir bu savaşda zəfər çalsın deyə…
Ümid etmək istəyirəm
Ümid.
Bir gün böyüyəcəm deyə…
Bütün bu təzadlı hisslərin əlində uşaqlaşsa da qorxmur… Bəlkə də, qorxmağı bacarmır?! Nə bilim… Bəlkə də, yaxşı ki, bacarmır… Qoy elə hər şeyi qismətə bağlayaraq yaşaya bilsin bu şair… Onsuz da şairlər üçün qismət də adiləşir get-gedə… Onlar “alın yazısı”nı olduğu kimi qəbul etmirlər… Edə bilmirlər… Amma, Gülnarənin qismətə bağladıqları adamda bir az təsəlli yarada bilir:
Ümid öldü-həsrətdəndi…
Ömrü bitdi- qismətdəndi…
Hərdən onun baxışlarına saatlarla baxmaq keçir ürəyimdən… Hərdən də heç baxa bilmirəm… Gücüm çatmır onun utancaq baxışlarının gözlərimə tuşlanmağına… Gizlədirəm gözlərimi çox zaman… Qorxuram ki, ürəyimdəki o həyatla savaşmaq qorxusunu anlayar, məni bu zəifliyimə görə qınayar, bir böyük kimi danlayar… Sonra mən onun şeir -ümidinin qarşısında günahkar olaram…
Nə vaxtsa, bir gün şeirin birində,
Hansısa misrada qovuşacağıq…
Sərin kəlmələri düzüb yan-yana,
Elə şeirdəcə yaşayacağıq…
Budur, Gülnarə Sadiqin şeir-ümidi…
Baxışlar da fərqlidi demişdim axı, fərqlidi… Və mən bunu oxuyandan sonra Gülnarə Sadiqin baxışlarını yenə görmək istərdim. Bir onu bilmirəm ki, nəhayət, o baxışlarla üz-üzə dayanmağa gücüm çatacaqmı?!

Şəfa Vəli (Gəncə)