ia

Vətən-göz bəbəyim, Torpaq-and yerim.!

Ey ana diyarım, ey Azərbaycan,
Hazıram uğrunda ölümə hər an,
Neçə cənnət məkan qalıbdır viran,
Duyanda qanayır qəlb yaram dərin,
Vətən göz bəbəyim, torpaq and yerim!

Düşməni tarixdən gərək silim mən,
Qisası canla da olsa, alım mən,
Necə şənlənim mən? Necə gülüm mən?
Ürəkdə QARABAĞ adlı dərd-sərim,
Vətən göz bəbəyim, torpaq and yerim!

Ulu Tanrım, daim ol bizə kömək,
Ötsün başımızdan bu qara külək,
Şəhidlik zirvədir, ucalım gərək,
Elə örnək olsun qoy bu hünərim,
Vətən göz bəbəyim, torpaq and yerim!

Daim Yaradana gətirək pənah,
Yerdə qalan deyil bunca nalə-ah,
Sıralan döyüşə, əlində silah,
Sənə səslənirəm igidim, nərim!!!
Vətən göz bəbəyim, torpaq and yerim!

Nə şərəf, nə şöhrət-şan bahasına,
Şücaət göstərim qan bahasına,
Torpağı qaytarram can bahasına,
Bilsəm ki bu yolla olar zəfərim,
Vətən göz bəbəyim, torpaq and yerim!

Olar sərt qışımız çiçəkli bahar,
Gedər başımızdan bu dərd, bu qubar,
Qarış-qarış dönər hər doğma diyar,
Bitər bu həsrətim, qəmim, kədərim,
Vətən göz bəbəyim, torpaq and yerim!

Yazaq neçə şeir, söz Qarabağda,
Ürək Qarabağda, göz Qarabağda,
Bayramlar edərik biz Qarabağda,
O gün uzaq deyil, Ya Allah-Kərim!
Vətən göz bəbəyim, torpaq and yerim!!!!!

03.04.2016