Ağrınalım
Qanadınnan yaralanan,
Quş kimiyəm, ağrınalım.
Dilqəmiyə sızıldayan,
Saz simiyəm, ağrınalım.
Dəryalarda tənha qalan,
Həyəcanlı təbil çalan.
Tufanlara əsir qalan,
Bir gəmiyəm, ağtınalım.
Kədərə, qəmə bükülən,
Mənəm sarayı sökülən.
Qəhərdən dolub tökülən,
Göz nəmiyəm ağrınalım.
Naili qüssəli gördün,
Kədər əcəlidi mərdin.
İnsanları yeyən dərdin,
Bax, yemiyəm ağrınalım.
Qayıt gülüm, həsrətinə dözmərəm.
Zülmət olub baharımda qışımda,
Xatirələr buz bağlayıb başımda.
Qanad çalmır daha könül quşum da,
Qayıt gülüm, həsrətinə dözmərəm.
O günnən ki, tərk eylədin məni, sən,
Saçlarıma tezcə saldın dəni, sən.
Pay göndərdin dumanı sən, çəni, sən,
Qayıt gülüm, həsrətinə dözmərəm.
Yaralanmış bir bülbülə dönmüşəm,
Ucalardan alçaqlara enmişəm.
Sənsizlikdən alovlamıb sönmüşəm,
Qayıt gülüm, həsrətinə dözmərəm.
Eşqin odu yuva salıb canımda,
Cövlan edir damarimda, qanımda.
Gəl hardasan, məsgən eylə yanımda,
Qayıt gülüm, həsrətinə dözmərəm.
Bir vaxt oldu bu sevgimiz təzə-tər,
İndi durur əvəzində qəm-kədər,
Zülm eyləmə gəl Nailə bu qədər,
Qayıt gülüm, həsrətinə dözmərəm.