“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Necə keçir günlərin
Dilindəki qürurla,
Ürəyindəki yasla?
Sevişə bilirsənmi
Məndən sonra ehtirasla?
Mən bir az alışmışam.
Məni fağır bilən
Xatirənin üstünə
Dinə dilirəm daha.
Qışın axşam doqquzunda
Həyətdəydim, bilirsən?
Qaranlıq qorxumu da
Yenə bilirəm daha.
Arabir nəbzini yoxlayıram
Yaddaşımın-
Nə qədər sağ qalmısan?
Kiçiltmədim hörmətini,
Xətrini,
Hələ də dağ qalmısan.
Sən ən yaxın keçmişim,
Sən ömrümün son ili,
Şairin dediyi kimi:
“Ayrılıq da sevdaya daxil,
Ayrılanlar hələ sevgili”.

* * *

Səni harda başladım?
Harda bitirdim səni?
Çıxdım ürəyimin qapısınacan,
Ötürdüm səni.
Yolun yaxın olmasın.
Nə doğmamsan, nə yadım,
Əllərini üz, dedin,
Ümidini kəs, dedin,
Kəsdim,
Yeddi qapıya payladım.
Azın, çoxun qalmasın.
Ruh deyilsən, can deyilsən,
Həvəssən, bədəndən çıxdın.
Elə də sevmədim səni.
Ürəyimin zirvəsinə
Hərdən çıxdın…
Eh! Mənim də gizli-gizli
Darıxmağım olmasın.