Heç bilmirəm harda bitdi,
sona yetdi sevgimiz.
Nə vaxt,necə hörüldü,
ayrılıq çələngimiz.
Bəlkə də lap əzəldən
görüşməli deyildik…
Doğrudanmı bir eşqə,
ya həvəsə əyildik?..
Bəlkə də uşaq idik
məhəbbətin əlində,
O əl ayırdı bizi…
Bəlkə də… bəlkə də yanılıram,
Biz özümüz böyütdük,
Elə bir-birimizi…
Bəs ayrılıq nə idi,
Ayrılıq nə imiş bəs?
Ayrılıq bir acı çay,
Ayrılıq zəhər imiş.
Hər gün yuxusuz gecə
yuxusunu tapanda,
Ayrılıq səhər imiş.
Oxuduğun kitabda
tapdığın bir incə söz,
bir ovuc qəhər imiş.
Ayrılıq zəhlətökən,
Ölümdən betər imiş…
Heç bilmirəm harda idi
ayrılığın qapısı.
Guya bilsəm nə olsun?
Onsuzda indən belə nə mən dönən deyiləm,
Nə də ki sən o qapını açası…