Çıx get!
Günün günorta vaxtı
gecə düşüb gözümə.
Baxma gözümə hər gün,
itəcəksən gözümdə.
Özünə yad olacan.
Çıx get, nə olar, çıx get
sevilməkdən qorxuram.
Səni zülmət içində itirməkdən,
yalquzaq ümidimə
götürməkdən qorxuram.
Çıx get, nə olar, çıx get.
Gedişində körpəcə doğulmuş
bir ümid var…
* * *
Gözüməmi düşüb gözünün izi,
Elə bil üzümdən yad külək ötüb.
Ağrılar süzülüb dodaqlarından,
Gözümün yaşını sərt külək öpüb.
Nə vaxtsa ayrılıq ümidi gəlib,
Nə vaxtsa firtına itirib məni.
Nə vaxtsa ömrümə bahar ələnib
Çəməndə, bağçada bitirib məni.
İndi isti anım, sazax anımdı.
Sakitcə meh əsib üşüdür hərdən.
Demə könül evim yasaxlanıbdı,
Göylərə qaldırır, düşürür hərdən.