12938145_217086761989970_2514023711327246505_n

* * *

Mənim bu dünyada özgə kimim var?
Günəşim də sənsən, ayım da sənsən.
Həsrəti buz tutan qarlı qışım da,
Sevgidən alışan yayım da sənsən.

Suyundan içdiyim bulaq “sən” deyir.
Həsrətdən quruyan dodaq “sən” deyir.
Boş qalıb buz tutmuş otaq “sən” deyir.
Günüm də, ilim də, ayım da sənsən.

Gözləri çəmənim, qəlbi cənnətim,
Sevginlə nurlanır eşq səltənətim
İlahi seçdiyi yarım, qismətim,
Vağzalı gözləyən toyum da sənsən.

* * *

Gözlərim yollarında,
Ürəyim səndə qalıb.
Gözlərinin yaşılı,
Ruhumu çəkib alıb.
Sevgim günəşdən nurlu,
Bərq vurur sözlərimdə.
Baxışım da dəyişib,
Sən varsan gözlərimdə.
Günəş gülür elə bil,
Buludlarım ağlamır.
Vüsal qoxuyan həsrət,
Ürəyimi dağlamır.
Ayrılıqlar olmasa,
Yeni görüşlər olmaz.
Gül qəlbi qırılmasa,
Şaxta vursa da solmaz.