Sevirəm
Haqq işində yarışan,
Tez-tez yanıb, alışan,
Ehtirasla danışan,
Bir insanı sevirəm.
Gözlərimi bağlayan,
Ürəyimi dağlayan,
Çaylar kimi çağlayan,
Bir insanı sevirəm.
Hər halımdan anlayan,
Səhvim üstə danlayan,
Eşqi ömrümə yayan,
Bir insanı sevirəm.
* * *
Ay işığı,
gecələrin yaxasını zülmətlərin əllərindən qoparırsan.
Lal dayanan xəyallara qanad verib,
Çəkib- çəkib uzaqlara aparırsan.
Hərdən zülmət otaqlara gizli-gizli süzülürsən, içəriyə boylanırsan.
Sübhə qədər həsrət çəkən könüllərə
Baxıb-baxıb iç çəkirsən, hey yanırsan.
Görüşlərə qaçanların yollarını nurlayırsan, qaranlıqda çıraq kimi.
Sonra həmin aşiqləri cüt görürsən
Sevinirsən, şadlanırsan uşaq kimi.
Ay işığı, çox işlərə şahidliyin danılmazdır,
bu gerçəkdir, həqiqətdir.
Susursansa demək səndə ən ali hiss, İnsanlara məhəbbətdir, sədaqətdir.