asm

Torpağını öpüb qoydum gözlərimin qarasına,
Suyun,havan məlhəm oldu dərdlərimin çarasına.
Doluxsundum boynubükük bənövşəni öpən zaman,
Ətirli el gözəlinin qan sızırdı dodağından.

Qaraxallı lalələrim sitəmimə təkan verdi,
Görüş yeri,yenə o qız…Unutmaqmı belə dərdi?!.
Hanı o qız,əsirmidir,girovmudur yad əllərdə,
Dağlardamı,daşlardamı,əriyibmi ya sellərdə?

Qarabağım,alan zaman qarış-qarış torpağını,
Daşımışam sinəmdəki ağır yükü,qəm dağını.
Bir sonasan Qarabağım,namusuna toxunulmuş,
Yüz qəzəl var,şikəstə var hüsnü-sənə oxunulmuş.

Ölüm aman versin bir an,bu torpağı azad görüm,
Gözəllərin saçlarına öz əlimlə çələng hörüm.
O nazənin lalələri meh əsdirsin əsim-əsim,
Yenə gəlsin görüşümə mənim əsmər Firəngizim!