em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ŞUŞA

Ulu babaların əmanətidi,
Canım, ciyərimdi gözümdü Şuşa.
Doğma Vətənimin şan-şöhrətidi,
Nəğmə beşiyimdi, sözümdü Şuşa.

Gözəldi yurdumun çiçəyi, gülü,
Bənzərsiz yaranıb xarıbülbülü,
Hüsnü heyran edib şeyda bülbülü,
Qeyrət qalasıdı, dözümdü Şuşa.

Vermərik heç zaman biz Qarabağı,
O çölü, çəməni, o cənnət bağı,
Qoy düşmən anlasın, qoy bilsin yağı,
Bizimdi, bizimdi, bizimdi Şuşa.

QARABAĞLI

O doğma torpağı, yurdu talandı,
Nəyi var alışdı, binəsi yandı,
Düşmən həqiqəti, olanı dandı,
Adladı Arazı gözləri bağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?

Viranə qoydular şəhəri, kəndi,
Zalımlar tutdular bərəni, bəndi,
Ayrılıq, göz yaşı saçında dəndi,
Dövrandan heç bir şey kəsməyir ağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?

Ümidi itməyib gözləyir hələ,
Yurda məhəbbəti düşübdü dilə,
Gərib sinəsini borana, selə,
Ürəyi yaralı, sinəsi dağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?

Bu necə zamandı, bu necə dövran,
Yetmməyir hayına böyük Yaradan,
Hələ yerdə qalıb bu tökülən qan,
Yurdundan köç edib aranlı, dağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?

Qalıbdı cənnəti, yurdu yuvası,
Hanı o yaylağı, suyu, havası,
Düşmən əlindədi bürcü, qalası,
Ürəyi vətənə, torpağa bağlı,
Qürbətdə neyləsin bəs qarabağlı?