rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Könlüm təbiətdə qonaqdır bu gün,
Nərgiz, lalələrin açılıb eyni.
İlham qəfil coşan bulaqdır bu gün,
Dağlar sərgiləyib gözəlliyini.

Qırmızı örpəkli üzü duvaqlı,
Lalələr can atır ayla görüşə.
Çiçəkli çəmənlər al-əlvan xalı,
Dağ çayı bənzəyir nazlı gülüşə.

Bulaq alqış alır qonaqlarından,
Şövq ilə söyləyir zümzüməsini.
Öpürlər bulağın dodaqlarından,
İçirlər bal dadan hər zərrəsini.

Həzin simfoniyadır quşların səsi,
Oxşuyur qəlbləri, ruha can verir.
Oxunur həyatın bahar nəğməsi,
Obalar, meşələr, çəmən sevinir.

Dövran da qoşulur bu gözəlliyə,
Süzülür varağa ürək sözləri.
Hər nəğməm bir könül, qəlb təzələyə,
Oxuyan hər kəsin gülə gözləri.