rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

AY ÜRƏYİM

“Mənim dünyam” – silsiləsindən

Ey qəlb, niyə pozursan,
Ritmini, ahəngini?
Öz içində yozursan,
Dünyanın cəfəngini.

Məgər sənə qalıbdır,
Bu aləmin dərd-səri?
Qüssə səni sarıbdır,
Nuş edirsən qəhəri.

Ey qəlb, yetər ağladın,
Qırıldı bağın, telin.
Qüssə, kədər bağladın,
Əydin vücudun belin.

Necə zəif düşmüsən,
Döyüntün də duyulmur.
Yorulub, büzüşmüsən,
Səni hiss etmək olmur.

Ey qəlb, dön bax Dövrana,
Ilham, təbb sənə bağlı.
Yetər, zülm etdin ona,
Qoyma sinəsin dağlı.

GÖZ YAŞIMI SİLƏSƏN

“Mənim dünyam” – silsiləsindən

Payız gəldi gül yanağım saraldı,
Sis- dumandan ala gözlər toraldı.
Günü- gündən gün- güzəran qaraldı,
Kaş gələsən, əhvalımı biləsən,
Gözəl Anam, göz yaşımı siləsən.

Ağlayanda tumarlardın telimi,
Qurudardın gözdən axan selimi.
Sən bilərdin dəcəl qızın dilini,
Yenə gəlib güldürəsən- güləsən,
Gözəl Anam, göz yaşımı siləsən.

Bağçamız da həsrət qalıb mehrinə,
Qızıl güllər soldu sənin qəhrinə.
Sənsiz necə çıxım səfa sehrinə?
Dağlar boyda dərd sərimi biləsən,
Gözəl Anam, göz yaşımı siləsən.

Nübar balan bilsən necə darıxmış,
Həsrət- həsrət yollarına, hey baxmış.
Həyat yormuş, hal-pərişan, karıxmış,
Röyasında,xəyalında – yenə Sən,…
Gözəl Anam, göz yaşımı siləsən.

Həsrət, hicran dağ çəkibdi Dövrana,
Döndəribdir onu mələr ceyrana.
Mələksimam, səmagözlüm,- can Ana,
Görüşümə hər röyamda gələsən,
Gözəl Anam, göz yaşımı siləsən…