Yenə ağ çalmalı Kəpəzin üstdə
Çətirtək durmusuz, qara buludlar.
Deyin, külək qovmuş, günəş dağıtmış,
Sizi kim gətirmiş bura, buludlar?
Niyə qaraldınız bu bahar çağı?
Siz də mi gördünüz ayrılıq dağı?
Görünsə günəşin qızıl saçağı,
Hara gedəcəksiz, hara, buludlar?
Cənub ellərinə siz gedən zaman,
Bir sözüm çıxmasın qoy yadınızdan.
Məni xəbər alsa gülüzlü canan,
Salam deyərsiniz yara, buludlar.
Deyin, qəm çəkməsin siz ona, dözsün,
Dərdə, işgəncəyə, zindana dözsün.
Axı söz veribdir, hicrana dözsün,
Tapaq bu dərdlərə çara, buludlar.
Gözünüzdən axan qəlb sevincidir,
Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
Yəqin, bu ayrılıq sizi incidir,
Edir könlünüzü para, buludlar?
Yetər, ağlamayın bu gölün üstə,
Bu dağın, çəmənin, bu çölün üstə.
Günəş bayraq açıb bu elin üstə,
Bu torpaq bürünmüş nura, buludlar.
Gedin, o sahillər gözləyir sizi,
Yuyun göz yaşıyla, yuyun Təbrizi.
Nə düşmən ləpiri, nə də qan izi
Düşməsin bir daha ora, buludlar.