em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GET

Dost-tanışı bərkdə sına,
Qoyma sözün düşə, sına,
Yaxşıların qapısına,
İşin düşsə, ürəklə get.

Çəmənlər nur dənizidi,
Gözəllər gül bənizidi,
Gül-çiçək sevgi rəmzidi,
Hər görüşə çiçəklə get.

Yaxın bilmə hər yetəni,
Sayma namərdi,gədəni,
Bir yoxsulu, bir xəstəni,
Yoxlamağa çörəklə get.

OYANMADIQ

Oyandım şirin yuxudan,
Xocalını mələr gördüm.
Allah, Allah bu dünyada,
Nələr gördüm, nələr gördüm.

Kəlbəcəri, Fizulini,
Gözü yaşlı, ağlar gördüm,
Bir ah çəkdim, qəlbim yandı,
Boynu bükük dağlar gördüm.

Laçın kimi bir məkanı,
Yanan gördüm, viran gördüm,
Sinəsi çadırla dolu,
Yaylaq deyən aran gördüm.

Cəbrayılda qəddi sınan,
Körpü gördüm, çinar gördüm.
Zəngilanı, Qubadlını,
Od içində yanan gördüm.

Şuşamızın sinəsində,
Çalın- çarpaz dağı gördüm.
Ağdam kimi bir şəhərdə,
Əli qanlı yağı gördüm.

Bu necə dövrandı Allah,
Haqsızı zirvədə gördüm,
Üz tutdum qoca dünyaya,
Boş söz, yalan vədə gördüm.

Başımız yaman qarışdı,
Əldən verdik bu torpağı,
Qarı düşmən əsir aldı,
Cənnət yurdu-Qarabağı.

Duz basmadıq yaramıza,
Top atdılar oyanmadıq,
Ana yurdun, doğma elin,
Keşiyində dayanmadıq.