Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
NEYLƏSİN
Söz sağaltmaz hər yaranı,
Apardı sellər Saranı,
Araz kəsibsə aranı,
Yurdun sağ, solu neyləsin.
Səngimirsə əsən külək,
Zülmə göz yuyursa fələk,
Həsrətdən yanırsa ürək,
Yağan qar, dolu neyləsin.
Xəbər yoxdu Qarabağdan,
Bülbül küsüb bağça, bağdan,
Ellər köçübsə yaylaqdan,
Cığırı, yolu neyləsin.
Daş üstündə qalmayıb daş,
Yoxdu yaxın bir dost, sirdaş,
Həmzələr çoxalıb qardaş,
Yazıq Koroğlu neyləsin
TUFAN GƏLSƏ
Ağılla bax, səbirlə bax hər işə,
Onsuz da var neçə qayğı, əndişə,
Aralıqda şeytan gəzir həmişə,
Uyma sözün şəkərinə, balına.
Olanları, qalanları düşün bir,
İgidlərlə, yaxşılarla ol əlbir,
Qəlbi təmiz gözəllərə könül ver,
Baxma onun camalına, xalına.
Bu dünyadan nə ürək, nə göz doyur,
Tanrı özü bəndəsinə göz qoyur,
Sən otur say, bir gör fələk nə sayır,
Qismət, tale yazılıbdı alnına.
Gecə- gündüz yazı yazan oyaqdı,
Bu dünyadan gileylənmək nahaqdı,
Ağaclar da bir- birinə dayaqdı,
Tufan gəlsə vay təklərin halına.