12305585_1494065097563795_938509399_n

Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri media mükafatları lauretını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

NİYƏ BƏXTİ YATIB GÖRƏN BU QIZIN

Bu qızın dərdi var, bəxti kor olub.
Qismətin tapmayıb dərdi qor olub.
Bəlkə sevənlərin gözü tor olub,
Niyə bəxti yatıb görən bu qızın.

Bəlkə açılmayıb hələ yuxası,
Bəlkə oyanmayıb qara çuxası.
Unvana yetməyib bəlkə duası,
Niyə bəxti yatıb görən bu qızın.

Bir dünya, o qara göz içindədi.
Sevgidən alışan köz, içindədi.
Hələ demədiyi söz, içindədi.
Niyə bəxti yatıb görən bu qızın.

Bəlkə gözə gəlib, qaşında çat var.
Dilinin altında qənd var, nabat var.
Murada çatacaq, bəxtində at var,
Niyə bəxti yatıb görən bu qızın.

Gözəldi yerişi, hüsnü-camalı,
Mükəmməl, yetkindi ağlı-kamalı.
Ağ atlı oğlandı fikri, amalı,
Niyə bəxti yatıb görən bu qızın.

Ona söz atıbdı ağ atlı oğlan.
Yerəmi batıbdı ağ atlı oğlan.
Bəlkə də yatıbdı ağ atlı oğlan,
Niyə bəxti yatıb görən bu qızın.

QARA GÖZLÜM

Sil ay qara gözlüm, gözün yaşını.
Dayan, mən ağlayım sənin yerinə.
Sən danış bir kitab yazım, sonrada,
Kitabı bağlayım sənin yerinə.

Dərdini ovudub, könlünü alsam,
Qara tellərini daraqlayaram.
Səninçün ağlamaq istəsəm əyər,
Yenə o kitabı varaqlayaram.

Sənin göz yaşını mürəkkəb edib,
Hələ neçə kitab yazıla bilər.
Vusalə yetməyən, nakam eşqinə,
Gün gələr bir qəbir qazıla bilər.

Unut, dərdlərini ölmüş kimi bil.
Ölənlə ölməzlər ay qara gözlüm!
Vusalın geriyə dönüşü yoxsa,
O dərdi bölməzlər ay qara gözlüm!

HEYIF

( VƏFASIZ DOST ÜÇÜN )

Bəzən dağ döşündə daş çürük olur.
Budaqsız ağacda baş çürük olur.
Quru çürük olur, yaş çürük olur.
Çürük ağacıma, daşıma heyıf.

Namərdə qapımı bağlamışam da.
Söz deyib qəlbini dağlamışam da.
Dost bilib dərdinə ağlamışam da.
Gözümdən tökdüyüm yaşıma heyıf.

Əvvəl dağda olub, xaş yeyən olub.
Sonra namərd olub, baş yeyən olub.
O zalım süfrəmdə aş yeyən olub,
Çəltikimə heyıf, aşıma heyıf.

Şeytan nə ac olur, nə də nəfsi tox.
Bir əlində yaydı, bir əlində ox.
Şeytandan baş açdım, o namərddən yox.
Ağappağ ağaran başıma heyıf.

İndi ayırmışam dostu, düşməndən.
Dağların başında dumanı, çəndən.
Bir gün Əzrayil da can umar məndən.
Ömür yarı olub, yaşıma heyıf.

Etibar ha danış, ha alış, ha yan.
Dostun hər sözünə can deyərdin, can.
Deyərdin gözümdü, onu qoruyan,
Kipriyimə heyıf, qaşıma heyıf.

SÖZ

Sözü dilimdən çıxarın,
Onun çəkisinə baxın.
Sözü mənim gözlərimə,
Eynək əvəzinə taxın.

Baxım söz ilə dünyaya,
Acı görüm, toxu görüm.
Kimi nazənin gözəllə,
Mən söz ilə yuxu görüm.

Dilimdə söz, gözümdə söz.
Gəlin ətrini qoxuyun.
Ürəyimdən keçən sözü,
Mənim gözümdən oxuyun.

İlahidən gələn sözü,
Yerə düşməyə qoymayın.
Baxışında söz oxunan,
Gözə dəyməyin, oymayın.

Bəzən baxışlarda olur.
Deyilməyən söz qiymətı.
Zəif olanda bilinir,
Eynək altda göz qiyməti.

Söz Leylimdi, mən Məcnunu.
Gah divanə, gah dəliyəm.
Sözü ilham pərim deyir,
Mən onun yazan əliyəm.

Kəsirsən kəs çörəiymi,
Kəsmə sözümü İlahi.
Söz ilə qidalanıram.
Qıyma sözümə İlahi.