Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir.
Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bütün cənubi Afrika ölkələrində 230 milyon ton qida istifadə edilir, eyni miqdar qida da inkişaf etmiş ölkələrdə hər il tullanılır. Buna nümunə olaraq Almaniyanı göstərmək mümkündür. Ştutqart Universitetinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, Almaniyada hər il 11 milyon ton qida tullanılır. Bu da bir almanın ildə 235 € miqdarında qidanı heç istifadə etmədən israf etməsi deməkdir. Bu məbləğ dünya səviyyəsində 1.5 milyard insanın illik gəlirinə bərabərdir.
Dünyada israfın miqdarı təəccüb doğuracaq dərəcədə böyükdür. Hazırda dünyada istehsal edilən qidanın 30%-i istifadə edilməmiş tullanılır. Başqa sözlə desək, istehsal edilən qidanın 1/3-i evlərə çatmadan zibilə gedir. ABŞ-da istehsal edilən qidanın 40%-i yeyilmir, Avropada isə hər il 100 milyon ton yemək istifadə edilmir. Hər il israf edilən 1.3 milyard tonluq qida isə 1 trilyon $ deməkdir.
Bu statistikani bir az da davam etdirsək, daha da qorxunc məqamlarla rastlaşarıq. Dünya Bankının təqdim etdiyi hesabata əsasən, inkişaf etmiş ölkələrdə tullanılan qidalar dünyada aclıqdan ölən insanların 15 mislini doyduracaq qədərdir. Bir sözlə, bu gün dünyada aclıq və ya qıtlıq problemi deyil, sevgisizlik və laqeydlik problem var. Uşaqlar əslində aclıqdan deyil, qorxunc bir sistemin qorxunc bir nəticəsində ölürlər.
2015-ci ilin may ayında Fransada israf mövzusu ilə bağlı sevindirici bir qərar alındı. Parlamentin qəbul etdiyi qərara əsasən satılmamış qida maddələri zibilə atıla bilməz. Qanuna əsasən satılmamış qidanı istifadəsiz hala gətirmək də qadağandır. Buna görə də, satılmamış qidanın bağışlanması, heyvan yemi olaraq işlədilməsi, gübrə kimi əkinçilikdə istifadə edilməsi lazımdır. Eyni zamanda sahəsi 400 kv metrdən böyük olan supermarketlərin xeyriyyə qurumları ilə müqavilə bağlayıb satılmayan qidaları bağışlaması lazımdır.
Fransada adambaşına ildə 20-30 kg qida tullanılır. Bunun 7 kg-nın paketi belə açılmır. Bu israf 12-20 milyard € deməkdir. Bu miqdarın yoxsulluqla mübarizə aparan hər hansı bir Afrika ölkəsi üçün necə böyük bir miqdar olduğunu xatırlatmağa ehtiyac yoxdur. Fransanın bu addımı başda inkişaf etmiş ölkələr olmaqla bütün dövlətlər üçün bir nümunə olmalıdır. Nəzərə alsaq ki, supermarketlər ən çox israf edilən yerlərdən biridir, ilk addımın bu sektorda atılması da sevindirici haldır. Qanunu pozanların həbs və ya böyük miqdarda cərimə edilməsi israfdan çəkindirmək baxımından çox önəmlidir. Ancaq bu qanunun digər israf edilə bilən sektorları da əhatə etməsi, eyni zamanda Fransanın bu addımından digər ölkələrin də nümunə götürməsilazımdır.Çünki otellər, turistik mərkəzlər, restoranlar kimi sektorlarda israfın miqdarı ağlasığmaz dərəcədə böyükdür. Yüksək xidmət üçün israfa ehtiyac yoxdur. Dünyada bu qədər insan aclıqdan əziyyət çəkərkən, qidaların atılması başqalarına qarşı laqeydlikdən, eyni zamanda xudbinlikdən başqa bir şey deyil.
Qurani-Kərimdə Rəbbimizin: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Əraf, 31) ayəsi ilə israf haram edildiyinə baxmayaraq bir sıra islam ölkələrində də külli miqdarda israfa yol verilir.
Ancaq bütün bunlar hər nə qədər insanları israfdan çəkindirmək baxımından faydalı olsa da, əsl həll yolu deyil.İsraf kimi bir bəla ancaq insanların eqoistliklərini və acgözlüklərini tərgitməkləriylə aradan qalxar. Bunun yolu isə sevgidir. Sevgini bilməyən insandan şəfqət, mərhəmət, fədakarlıq gözləmək, paylaşmanın bəxş etdiyi sevinci bilməsini gözləmək lüzumsuzdur. İstər başqa dövlətlərdə, istərsə də çox yaxınında olsun, insanların aclıqdan ölməsi onu heç narahat etməyəcək.
Dünyadakı aclıq və qıtlıq probleminin həlli insanlara sevgini öyrətməkdədir. Bu problemi gündəmə gətirən qurumlar, fəallar məsələnin həll yolu kimi sevginin, şəfqətin gözəlliyinindən də bəhs etməlidirlər. Çünki yalnız özünü düşünən, başqalarına qarşı laqeyd insanların dünyadakı bu faciəni görməklərini ancaq buyolla əldə etmək mümkündür.
Sevinc HAQVERDİZADƏ