ens

QƏRİBSAMİŞƏM-1972

Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.

Görəsən, fikrindən keçirir nələr?
Gözü yolmu çəkir anamın indi?
Beşiyim başında uzun gecələr
Yuxuma da layla çalanım indi.
İstərəm bu dərdi sənlə bölüşəm,
Ana, səndən ötrü qəribsəmişəm.

İÇİMDƏN ADLAYAN İŞIQ

İçimdən bir işıq keçər,
Duyğularım çiçəkləyər.
Qərq eləyər ürəyimi,
Həzinliyə, kövrəkliyə.

İlk eşqin məzarı üstə
Dikələr, başdaşı olar
Bulanlıq ağrı, əzabım
Durulub göz yaşı olar.

Dalğalana-dalğalana
Damarımdan axıb kedər,
Önündəki kötükləri.
Bir sel kimi yıxıb gedər.

Həsədlər günəbaxan tək
Boylanar bu nura doğru
Bu işığın qanadında
Uçaram uğura doğru.

Arxasınca haraylayıb
Yüyürər yağılar, yadlar
At tək çapar, çapar, ancaq
Yetə bilməz, bağrı çatlar.

İçimdən bir işıq keçər,
Göy üzündə gün əylənər,
Buz bağlamış quzeylərim
Yamac-yamac güneylənər.

Onu bulaq suyu kimi
Ovuclayıb içərəm mən
Yeri gəlsə yollarında
Başımdan da keçərəm mən.

1985