AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
* * *
Onda dördüncü ayın
Üçüncü həftəsiydi…
Özümə ağlamağım
Uşaqlığın səsiydi…
Sən böyütdün bu qızı…
Böyümək bu imişsə…
Nə çoxu…nə də azı
Bölüşmək bu imişsə…
Indi gücüm də çatmaz
Qovmağa dərd-qəmləri…
Deyir: -Ağlamaq olmaz!-
Gəncənin həkimləri…
Nə bilirlər axı…nə?!
Mənim göz yaşım nədir?
Gözlərimin şəklindən
“Qorxub qaçmağı” nədir?!
Yenə Bakıdan küsüb
Dəli qızın yuxusu…
Bəlkə də bilib-gülüb
Sevdasına çoxusu…
Özü “gəlincik” olan
Qızın oyunumu var?
Yığıb qəlb “sandığına”
Dərdi “sonuna” saxlar…
* * *
bir “hop” desən… günümə
səninlə başlayım da…
Bir udumluq dərdinlə
könlümü yaşlayım da…
bir “gəl” desən… illəri
saçıma düzüb gəlim…
adımdan ümidləri
biryolluq üzüb gəlim…
bir “sus” desən… susmağı
öyrət… sonra deyərsən…
ikinin -bir olmağın
“biz” sözüylə bilərsən…