Ədəbiyyat-Az.Com xəbər verir ki, “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu”nın davamı olaraq keçirilən bu mərasimə ünlü Borçalı aşığı Hüseyn Saraçlı məktəbinin davamçıları olan tanınmış aşıqlar, eyni zamanda simpozium iştirakçıları, TİKA nümayəndələri, səfirlik əməkdaşları, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoyun rəhbərlik etdiyi böyük heyət və digər qonaqlar qatılmışdılar.
Əvvəlcə böyük sənətkarın doğulduğu Saraçlı kəndindəki məzarı ziyarət edildi. Görkəmli aşığın kəndin mərkəzindəki büstü önündə baş tutan yubiley tədbirində alim və ziyalılar xatirələrini sözlədilər, Borçalılı və Türkiyəli aşıqların ifasında saz havaları səsləndirildi.
Marneulidə davam etdirilən yubiley tədbirini açan Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu qonaqları salamladı, 100 illik yubileyi qeyd olunan ünlü Borçalı aşığının şöhrətinin bütün Türk dünyasına yayıldığını diqqətə çatdırdı. Sonra söz alan professor Mahmud Kamaloğlu Aşıq Hüseyn Saraçlının şəxsiyyəti və yaradıcılığı barədə mərasim iştirakçılarına məlumat verdi. Tədbirdə Türkiyədən gəlmiş “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli, Dünya Söz Akademisinin rəhbəri Hayrettin İvgin, TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, Dünya Qarapapaq Türkləri Birliyinin başkanı Seyfullah Türksoy, AYB-nin Qazax zona bölməsinin rəhbəri Barat Vüsal, professor Nail Tan, şair-tərcüməçi Zezva Medulaşvili və başqaları çıxış edərək, Türkiyə-Azərbaycan-Gürcüstan dostluğunun, qardaşlığının daha da inkişafına aparan bu cür mədəni tədbirlərin əhəmiyyətindən danışdılar. Çıxış edənlər Aşıq Hüseyn Saraçlının yüksək sənətkarlığından, onun yalnız Borçalıda deyil, eləcə də Azərbaycanda, Türkiyə və İranda, həmçinin bütövlükdə Türk dünyasında məşhur, sevilən bir ustad sənətkar olduğunu diqqətə çatdırdılar.
Tədbirə Tiflisdə keçirilən “Türkiye-Gürcistan Bektaşi Kültürü ve ozanlar” simpoziumunun iştirakçıları olan 10 dövlətin nümayəndələri, Azərbaycandan, Türkiyədən və Gürcüstanın, Borçalının müxtəlif bölgələrindən gəlmiş saz-söz aşıqləri qatılmışdılar. Ustad Hüseyn Saraçlının oğlu Aşıq Əlinin, Türkiyədən gəlmiş aşıqların, Borçalı və Azərbaycan aşıqlarının ifasında səslənən saz havaları tədbir iştirakçılarına xoş ovqat bəxş elədi. “Sarvan” Rəqs ansamblının balaca üzvləri bir-birindən gözəl rəqsləri ilə yubiley iştirakçılarını heyran qoydular.
Qiymət MƏHƏRRƏMLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
Tbilisi şəhəri